Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani başda olmaqla ABŞ, Kanada, Almaniya, İngiltərə, İsveç və s. ölkələrdə yaşayan əslən Güney Azərbaycandan olan 12 tanınmış soydaşımız Bakıda səfərdədir. Oktyabrın 10-da Azərbaycan Atatürk Mərkəzində Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan Federal Demokrat Hərakatı və xaricdə yaşayan bir qrup Güney Azərbaycan ziyalısı Azərbaycan səfərinin yekun nəticəsi olaraq Bakı bəyannaməsinə imza atdı.

Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan Federal Demokrat Hərakatı

və xaricdə yaşayan bir qrup Güney Azərbaycan ziyalısının

Bakı bəyannaməsi

Dünya Azərbaycanlıları Konqresi (DAK), Azərbaycan Federal Demokrat Hərakatı (AFDH) və xaricdə yaşayan bir qrup Güney Azərbaycan ziyalısı Bakı görüşündə tarixi vətənlərində xaricdə yaşayan azərbaycanlıların problemlərini müzakirə edərək qərara alırlar:

1. Tarixi ədalətsizlik nəticəsində parçalanmış Azərbaycan türklərinə qarşı İranda aparılan assimilyasiya siyasətini və Güney Azərbaycanda insan hüquqlarının pozulmasını dünyaya çatdırmaqla beynəlxalq təşkilatların diqqətini cəlb etmək;

2. Ermənistanın Azərbaycan Respublikasına qarşı işğalçılıq müharibəsinin nəticələrinin aradan qaldırılması və Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həllinə yardım etmək;

3. Güney azərbaycanlıları və Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafının millətimizin xeyrinə olduğunu düşünərək, bu münasibətlərin daha da inkişafı və yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ etmək

məqsədi ilə fəaliyyətlərini əlaqələndirsinlər.